İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yenilənib 08.02.2022 12:13
  • Yaradılıb 01.10.2012 11:15

Türk Dövlətləri  Təşkilatı (TDT)

Təşkilat haqqında ümumi məlumat. 16 sentyabr 2010-cu il tarixində Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilmişdir. 2011-ci ildə Türkdilli Dövlətlərin Biznes Şurası yaradılmışdır. Biznes Şurasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmsil edilir.

Qeyd: 8-ci Zirvə Görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) adı “Türk Dövlətləri Təşkilatı”na (TDT) dəyişdirilmişdir.

Üzv dövlətlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan

Müşahidəçi dövlət: Macarıstan, Türkmənistan

Məqsədləri. Təşkilat eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni regional ümumtürk birliyinin yaranması məqsədi daşıyır.

Azərbaycan ilə əməkdaşlıq.  Hər il mütəmadi olaraq TDT-nin iqtisadiyyat üzrə İşçi Qrupunun iclası və üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilir. İclaslarda üzv ölkələr arasında iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafı yolları barədə təkliflərin və üzv ölkələrin iqtisadi sahədə üzləşdiyi problemlərin müzakirəsi aparılır. 2012, 2016 və 2021-ci il tarixli iclaslar Azərbaycanda keçirilmişdir.

15 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Türk Dövlətləri Təşkilatının 7-ci Zirvə Görüşü keçirilmişdir, həmçinin Zirvə Görüşü çərçivəsində 14 oktyabr 2019-cu il tarixində Biznes Forum keçirilmişdir.

10 aprel 2020-ci il tarixində videokonfrans formatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə COVİD-19 pandemiyasına mübarizəyə həsr olunmuş TDT-nin fövqəladə Zirvə görüşü keçirilmişdir. Görüşdə dövlət başçıları tərəfindən səsləndirilən məsələlərin icrası ilə əlaqədar 6 may 2020-ci il tarixində İqtisadiyyat nazirləri və Gömrük orqanları rəhbərlərinin fövqəladə iclası keçirilmişdir. Videokonfransı hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov aparmışdır.

9 sentyabr 2020-ci il tarixində İqtisadiyyat naziri Mikayıl Cabbarovla TDT-nin Baş Katibi Bağdad Amreyev arasında görüş keçirilmişdir. Görüşdə TDT çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, “Turkic Vision – 2040” strateji konsepsiyasının hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılmışdır.

2 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının (TTSP) növbədənkənar iclası keçirilmişdir. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov açılış nitqi ilə çıxış etmişdir. İclasdan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi, TTSP-nın prezidenti Mustafa Rifat Hisarcıklıoğlunu, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul etmişdir. Tədbir çərçivəsində TDT adından erməni terrorundan zərər çəkmiş ailələrə humanitar (ərzaq) yardım göndərilmişdir.

TDT çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması ilə əlaqədar danışıqlar aparılır. Sözügedən Fondun yaradılması ilə əlaqədar mexanizmlərin hazırlanması “E&Y Türkiyə” şirkətinə həvalə edilmişdir.

TDT-nin iqtisadiyyat nazirlərinin 10-cu və iqtisadiyyat üzrə işçi qrupunun 12-ci iclasları 9-10 sentyabr 2021-ci il tarixlərində Bakıda keçirilmişdir.

TDT-nin 8-ci Zirvə Görüşü 12 noyabr 2021-ci il tarixində İstanbul şəhərində keçirilmiş və sədrlik Azərbaycandan Türkiyəyə keçmişdir. Eyni zamanda Sammitdə Azərbaycan tərəfdən nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak etmişdir. 8-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsində əldə edilmiş tarixi qələbəyə görə Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir.

← Geriyə